Bakı Fransız Liseyi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların həmçinin Azərbaycan vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.
2011-ci ilin mart ayında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanıb, oktyabr ayında isə Azərbaycan və Fransa Prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilib. 2014-cü ilin may ayının 11-də Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olmuşlar..
2014-cü il sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Fransız Liseyinin açılışında iştirak ediblər.
Lisey Bakının “Ağ şəhər” adlanan ərazisində yerləşir. 400 şagirdlik tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərir.
Liseydə tədris uşaq bağçasından başlayaraq klassik fransız tədris planı əsasında qurulub. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır.
Şagirdlərə verilən attestat həm Azərbaycan Təhsil Nazirliyi həm də Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verir və eyni zamanda hər iki nazirlik tərəfindən tanınır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanırlar.